İQTİSADİYYAT
İMİŞLİDƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLƏCƏKDİR
Martın 25-də “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası Kənd Təsərrüfatı, Qida və Tütün Sənayesı İşçilərinin Beynəlxalq İttifaqı ilə birlikdə İmişli rayonunda “Torpaq və sərbəstlik” layihəsi çərçivəsində növbəti regional seminar keçirəcəkdir.
Federasiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə İttifaqın həmin layihə üzrə qlobal əlaqələndiricisi Marqaritta Kastro, Asiya və Sakit okean, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional əlaqələndiriciləri Casper Qoss, Ancelika Qalkina, Qırğızıstan Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri Kumuşbey Mambetov, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən fermer təsərrüfatlarının başçıları və sahə həmkarlar ittifaqının fəalları iştirak edəcəklər.
Layihənin həyata keçirilməsindən məqsəd kənd təsərrüfatında özəl bölmənin inkişafına dəstək vermək, fermerləri maarifləndirmək, təsərrüfatların qarşılaşdıqları problemləri beynəlxalq təçrübədən istifadə etməklə aradan qaldırmaqdır.