İQTİSADİYYAT
İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTUNDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı üzrə Azərbaycan hökumətinin və BMT-nin İnkişaf Proqramının birgə layihəsinin milli əlaqələndiricisi Məleykə Abbaszadə Situasiya Mərkəzində Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının üzvləri ilə görüş keçirmişdir. O, institutun müasir şəbəkə-kommunikasiya avadanlığı ilə təchiz olunmuş Tədris Mərkəzi ilə tanış olmuşdur.
İnstitutun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev bu elm müəssisəsinin maddi-texniki bazası, kadr potensialı, elmi-texniki və praktiki fəaliyyəti, eləcə də gördüyü işlər barədə məlumat vermişdir.
Məleykə Abbaszadə noyabrın 6-8-də Bakıda keçiriləcək “Milli İnformasiya və kommunikasiya texnologiyaları strategiyaları və elektron idarəçilik üzrə beynəlxalq forum” və dekabrın 10-12-də Cenevrədə keçiriləcək “İnformasiya cəmiyyəti üzrə dünya sammiti” barədə məlumat vermiş və institutun fəaliyyətini Milli Strategiyada irəli sürülmüş məsələlərlə uyğunlaşdırmağı tövsiyə etmişdir.