İDMAN
İNGİLİS FUTBOL XULİQANLARININ PORTUQALİYAYA YOLU BAĞLANIR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, 2700-dək ingilis futbol xuliqanı iyunun 12-dən iyulun 4-dək Portuqaliyada keçiriləcək Avropa çempionatı zamanı Britaniya adalarının hüdudlarından kənara buraxılmayacaqdır. Bunu Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi bəyan etmişdir.
Nazirliyin nümayəndəsi demişdir ki, onların hamısı pasportlarını bəri başdan təhvil verəcək və çempionatın keçirildiyi günlərdə yaşayış yerlərindəki polis məntəqəsində müntəzəm olaraq qeydiyyatdan keçəcəkdir. Bu tədbir çempionatın gedişində kütləvi iğtişaşların qarşısını almaq məqsədi ilə Avropa ölkələri hüquq mühafizə orqanlarının hazırda birgə apardıqları əməliyyatın bir hissəsidir.
2000-ci ildə Niderland və Belçikada keçirilmiş Avropa çempionatı zamanı cəmi 100 britaniyalı xaricə getmək hüququndan məhrum edilmişdi.
Ümumiyyətlə, qitə çempionatına 60 minədək britaniyalı azarkeşin gələcəyi gözlənilir.