ELM VƏ TƏHSİL
İNGİLTƏRƏDƏ KEÇİRİLMİŞ KONFRANSDA TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI NÜMAYƏNDƏLƏRİNİN MƏRUZƏLƏRİ DİNLƏNİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın – IAEA-nın (International Association for Educational Assessment) “Qiymətləndirmənin yeni interpretasiyası: cəmiyyət, ölçü və əhəmiyyət” mövzusunda 34-cü konfransı sentyabrın 12-də başa çatmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, həmin tədbirdə qurumun sədri Məleykə Abbaszadənin başçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir.
Təhsil və qiymətləndirmə sahəsində dünyanın aparıcı mütəxəssislərinin, təhsil müəssisələri rəhbərlərinin qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədi ilə keçirilən konfransda M.Abbaszadə “Milli səviyyədən qlobal səviyyəyə doğru: milli qiymətləndirmə sisteminin təhsil sisteminin islahatında rolu” mövzusunda məruzə etmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri məruzəsində Azərbaycanın öz milli imtahan sistemində sürətli islahatların aparılması və ali məktəblər üçün tələbələrin seçilməsi prosesinə kənardan ictimai nəzarətin təşkil edilməsi əsasında bu işdə müvəffəqiyyətlərə nail olunduğunu bildirmişdir. O qeyd etmişdir ki, TQDK tərəfindən idarə olunan milli imtahan sistemi vasitəsilə qlobal və lokal reallıqlara, beynəlxalq standartlara, o cümlədən Bolonya prosesinin tələblərinə uyğun olan tamamilə yeni sistem yaradılmışdır.
Tədbirdə TQDK-nın nümayəndə heyətinin digər üzvlərinin məruzələri də maraq doğurmuşdur.
Xatırladaq ki, TQDK 1999-cu ildən IAEA-nın üzvüdür. 2007-ci ilin sentyabrında IAEA-nın Bakıda keçirilən 33-cü beynəlxalq konfransında TQDK sədri Məleykə Abbaszadə həmin qurumun icraiyyə komitəsinin üzvü seçilmişdir.