İQTİSADİYYAT


“INNOLAND” və “AzerGold” QSC-nin akselerasiya proqramında iştirak edəcək startaplar müəyyənləşib

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə birgə təşkil olunan akselerasiya proqramına seçimlər keçirilib.

QSC-dən AZƏRTAC-a bildiriliblər ki, cari il avqustun 14-dən sentyabrın 29-dək proqramda iştirak üçün qeydiyyatdan keçən 8 startap komandası prototipi mövcud və ya inkişaf mərhələsində olan, müəyyən bazar seqmentinə aid faydalı innovativ həllər təklif ediblər.

Tədbir zamanı “AzerGold” QSC-nin aidiyyəti şöbələrinin rəhbərləri və “INNOLAND”ın nümayəndələrindən ibarət münsiflər heyəti istehsalat proseslərinin optimallaşdırılması, ixtisasların potensial inkişafı, bacarıqların artırılması, aparıcı texnologiya, avadanlıq və həll yollarından istifadə edilməsi kimi müxtəlif meyarlar üzrə startapları qiymətləndiriblər.

Yekunda ən yüksək bal toplayan “Join B2B”, “Buqelemun”, “Təmiz hava”, “Bioqaz” və “Kitablı” startapları növbəti mərhələyə keçərək proqramda iştirak etmək hüququnu və layihələrini reallaşdırmaq imkanını əldə ediblər. Üç ay davam edəcək proqram çərçivəsində startap komandalarına hər həftə müxtəlif təlimlər keçiriləcək, tapşırıqlar veriləcək. Həmçinin “AzerGold” QSC-nin aidiyyəti şöbələrinin rəhbərləri mentor qismində mütəmadi olaraq startapçıları dəstəkləmək və istiqamətləndirmək məqsədilə görüşlər keçirəcəklər.

Proqramı uğurla bitirən startaplar “AzerGold” QSC ilə birbaşa əməkdaşlıq imkanını əldə etməklə yanaşı 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq imkanını da əldə edəcəklər.

Qeyd edək ki, “AzerGold” QSC və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında cari il iyulun 25-də imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılan akselerasiya proqramının əsas məqsədi sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin inqilabi startaplarını bir araya gətirmək, sahə üzrə yenilikləri stimullaşdırmaq, prosesləri optimallaşdırmaq, sənayenin Azərbaycanda və regionda yeni bir standart müəyyən etməsinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.