İQTİSADİYYAT
INOGATE proqramının Azərbaycan üzrə koordinatoru mükafata layiq görülüb
Bakı, 28 mart, AZƏRTAC
Energetika Nazirliyinin aparat rəhbəri, INOGATE proqramının Azərbaycan üzrə koordinatoru İftixar Hüseynov proqramın 20 illiyi münasibətilə (1996-2016) INOGATE-in Azərbaycan üzrə əlaqələndiricisi kimi fəaliyyətinə görə “Xidmət Mükafatı”na layiq görülüb.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, mükafat Avropa İttifaqı (Aİ), 11 tərəfdaş ölkə, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik dairələrdən olmaqla 200-dək nümayəndənin iştirakı ilə Belçikanın paytaxtı Brüsseldə “Avropa İttifaqının Şərq qonşuluğu və Mərkəzi Asiya ilə enerji əməkdaşlığı” konfransı çərçivəsində Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han tərəfindən təqdim olunub.
Qeyd edək ki, Aİ Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı proqramı olan INOGATE proqramı 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycan Aİ tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biri kimi INOGATE-in tərəfdaş ölkəsidir və bu proqram üzrə həyata keçirilən 69 layihənin 33-dən faydalanıb.
Proqram çərçivəsində Azərbaycanın enerji sektorunun müxtəlif sahələrində həyata keçirdiyi tədbirlərə dəstək verilir. Proqram üzrə Aİ prinsipləri əsasında enerji təhlükəsizliyi möhkəmləndirilir, enerji layihələrinə investisiyalar cəlb olunur. INOGATE proqramının səlahiyyətlərinin genişləndirilməsində 2004-cü ildə Azərbaycanda keçirilən Nazirlər Konfransında qəbul edilən “Bakı təşəbbüsü” mühüm rol oynayıb. İştirakçı dövlətlər bu görüşdə regional enerji bazarının inkişafına dəstək, enerji daşıyıcılarının dayanıqlı və təhlükəsiz nəqli, yeni enerji infrastrukturlarının yaradılmasına investisiyaların cəlb olunması, enerji səmərəliliyi siyasəti və proqramının yerinə yetirilməsi, həmçinin onların enerji bazarlarının Aİ bazarına inteqrasiyası məsələlərində tədricən müvəffəqiyyət əldə olunmasında ümumi maraqların olduğunu təsdiq ediblər.
Azərbaycanın da iştirakçısı olduğu INOGATE proqramı çərçivəsində 2011-2015-ci illərdə müxtəlif layihələr həyata keçirilib. Hazırda bu Proqram üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və müvafiq proqramların hazırlanması ilə bağlı işlər görülür.