SİYASƏT
İNSAN HÜQUQLARININ POZULMASI FAKTLARI XEYLİ AZALMIŞDIR
Milli Məclisin İnsan hüquqları daimi komissiyasına ötən ilin payız sessiyasında 1492 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olmuşdur. Həmin dövr ərzində 188 şikayətçi komissiya sədri tərəfindən qəbul edilmişdir. Komissiyaya daxil olmuş ərizə və şikayətlər araşdırılmaq məqsədi ilə yerli icra hakimiyyəti orqanlarına, ədliyyə, məhkəmə, prokurorluq və polis orqanlarına, müvafiq nazirlik, komitə və şirkətlərə göndərilmişdir. Komissiyanın sədri Siruz Təbrizli AZƏRTAC-a bildirmişdir ki, daxil olmuş ərizələrin 742-si nəzarətə götürülmüş və müvafiq cavablar alınmışdır. Müraciət etmiş 187 vətəndaşın hüquqlarının pozulması faktı təsdiqlənməklə onların hüquqlarının bərpasına nail olunmuş, 29 nəfərin işlə təmin edilməsinə kömək göstərilmişdir.
Komissiya sədrinin sözlərinə görə, əvvəlki illərlə müqayisədə insan hüquqlarının pozulması halları xeyli azalmışdır. Bu da dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hüquqi islahatların müsbət nəticəsi kimi qiymətləndirilməlidir.