SİYASƏT
İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL ASİYA OMBUDSMANLARI ASSOSİASİYASININ ÜZVÜ SEÇİLMİŞDİR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, konfransın keçirilməsindən məqsəd region ölkələri ombudsmanları ilə təcrübə və fikir mübadiləsi aparmaq və əməkdaşlığın yeni formalarını müzakirə etmək idi.
Konfransın geniş iclaslarında “Dövlət-vətəndaş münasibətləri”, “Asiyada vətəndaş hüquqlarının təmin olunmasında ombudsmanın rolu”, “Ombudsman və vətəndaşların iştirakı” mövzularında məruzələr dinlənilmiş və məruzələr ətrafında müzakirələr aparılmışdır.
E.Süleymanova ölkəmizdə son illərdə aparılan hüquqi islahatlar, insan hüquqlarının qorunması istiqamətində atılan addımlar, qanunvericiliyin təkmilləşdirilməsi, ombudsmanın səlahiyyətləri və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. İnsan hüquqları üzrə müvəkkilin 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanatının ingiliscə mətni də konfrans iştirakçılarına paylanmışdır. E.Süleymanova bu məsələ ilə əlaqədar konfrans iştirakçılarının suallarını da ətraflı cavab vermişdir.
Həmin günlərdə Asiya Ombudsmanları Assosiasiyası Baş Assambleyasının iclası keçirilmiş, burada konfransın yekunları müzakirə olunmuş, təşkilati məsələlərə də baxılmışdır. Pakistan ombudsmanı cənab İmtiyaz Əhməd Sahibzadə yenidən Asiya Ombudsmanları Assosiasiyasının prezidenti seçilmişdir. Baş Assambleyada Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin Asiya Ombudsmanları Assosiasiyasına üzv seçilməsi təklifi yekdilliklə dəstəklənmişdir.
Koreya Respublikasının Baş naziri, ölkə prezidentinin vəzifələrini icra edən cənab Goh Kun konfrans iştirakçılarının bir qrupunu öz iqamətgahında qəbul etmişdir.