SİYASƏT
İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL (OMBUDSMAN) QUBA RAYONUNUN SAKİNLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova fevralın 22-də Quba rayonunun sakinləri ilə görüşmüşdür. Görüş ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) tərəfindən həyata keçirilən “Regionlarda təmənnasız hüquq xidməti və maarifləndirmə” layihəsi çərçivəsində təşkil olunmuşdur. Həmin layihə çərçivəsində Lənkəran, Şəki, Xaçmaz və Gəncə şəhərində də əhaliyə hüquq xidmətləri göstərilir.
AGHB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Quba şəhərində keçirilən görüşdə Elmira Süleymanova ombudsman təsisatının fəaliyyəti, ombudsmana şikayət və ərizələrin verilmə mexanizmi, habelə ombudsmanın səlahiyyətləri barədə danışmışdır. O, görüşdə iştirak edən yerli sakinlərin şikayətlərini dinləmiş, ərizələrini qəbul etmiş və öz məsləhətlərini vermişdir.
Görüşdə sakinlərə AGHB tərəfindən layihə çərçivəsində çap olunmuş “Hüquqlarınızı müdafiə edin!” və “Ombudsman kimdir?” bukletləri paylanmışdır.