CƏMİYYƏT
“INSARAG – 2018” xilasetmə dəstələrinin idarə edilməsi kursunun açılışı olub VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında BMT-nin Humanitar Məsələlərin Əlaqələndirmə Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (INSARAG) təşkilatçılığı və Azərbaycan FHN-in dəstəyi ilə “INSARAG – 2018” xilasetmə dəstələrinin idarə edilməsi kursunun açılış mərasimi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirmə Ofisinin Fövqəladə vəziyyətlərdə cavablandırma mərkəzinin və INSARAG Katibliyinin rəhbəri Rudolf Müller, INSARAG-ın Avropa, Afrika və Yaxın Şərq üzrə əlaqələndiricisi Olqa Prorovskaya, xarici ekspertlər, təlimatçılar və FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin əməkdaşları iştirak ediblər.
Açılış mərasimindəki çıxışlarda bildirilib ki, kursun keçirilməsində əsas məqsəd tədbirə cəlb edilmiş ABŞ, Rusiya, Belarus, Finlandiya, Pakistan, Türkiyə, Estoniya, İsveçrə və Ukraynadan olan ekspertlərin iştirakı ilə bu ölkələrin təmsil olunduqları regionları əhatə edən axtarış-xilasetmə dəstələrinin üzvlərinin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Beş gün davam edəcək kursun yekununda xüsusi tərtib olunmuş masaüstü simulyasiya təlimi keçiriləcək və sonda iştirakçılara BMT-nin UCC standartına uyğun olan beynəlxalq sertifikat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunan “INSARAG – 2018” xilasetmə dəstələrinin idarə edilməsi kursunun açılışından sonra qonaqlar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə yaxından tanış olublar.