ELM VƏ TƏHSİL
İNTERNAT MƏKTƏBİ HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ YENİDƏN QURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
1978-ci ildə tikiləndən bəri təmir edilməyən məktəb yararsız hala düşmüşdü. Hazırda təhsil ocağının üçmərtəbəli yataqxana və tədris korpusu, yeməkxanası, yardımçı binaları, bütün kommunikasiya xətləri təzələnmiş, ilk dəfə olaraq, istilik sistemi quraşdırılmışdır. İdman salonu və meydançaları, əyləncə mərkəzi, istirahət guşələri də tamamilə yenidən qurulmuş, həyətə asfalt örtük döşənmiş, tibbi yardım, loqoped kabinələri müasir avadanlıqla təmin edilmişdir.
Bu 9 illik məktəbdə 9-16 yaşlı 143 uşaq təlim-tərbiyə alır, 80 müəllim və tərbiyəçi çalışır, əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir, uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaradılır.