SİYASƏT


İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR OLUNACAQDIR

Noyabrın 24-də Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclası keçirilmişdir.

Komissiyanın sədri Eldar İbrahimov gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini - aqrar qanunvericilik bölməsinin müdiri Şahmərdan Kərimov qanun layihələrini şərh etmişdir. O demişdir ki, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi nəzərdə tutulmuşdur. Məcəlləyə 115.1-ci və 320.1-ci maddələr əlavə olunacaqdır. Əlavələrdə hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək məbləğdə cərimə olunurlar (M.115.1). Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarını yerinə yetirilmədiyi halda isə vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx beş mislindən yetmiş mislinədək, hüquqi şəxslərsə şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz otuz mislinədək cərimə olunacaqlar.

Sonra “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi məsələsi müzakirə olunmuşdur.

Şahmərdan Kərimov demişdir ki, Məcəlləyə “88-2” maddəsinin əlavə edilməsi təklif olunur. Əlavədə deyilir ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahəsinin 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin hasarlanması və dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək, hüquqi şəxslər isə şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək cərimə olunurlar. İnzibati tənbeh olunanlar qanunu təkrar pozduqda cərimələrin məbləği artır. Bu halda fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi beş mislindən otuz beş mislinədək, vəzifəli şəxslər altmış mislindən səksən mislinədək, hüquqi şəxslər isə şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək cərimə olunacaqlar.

İclasda iştirak edən Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə layihələrlə bağlı təkliflərini vermişdir.

Müzakirələrin sonunda layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.