İQTİSADİYYAT
“İPƏK YOLU” GÖMRÜK POSTUNUN AÇILIŞI OLMUŞDUR
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirmişdir ki, yeni gömrük postunda müasir metodlar və qaydalardan istifadə etməklə ticarətin asanlaşdırılması, xarici iqtisadi əlaqələrin iştirakçılarının imkanlarının genişləndirilməsi, vaxt itkisinin azaldılması və gömrük nəzarətinin səmərəliliyinin daha da artırılması üçün hər cür şərait yaradılmışdır.
O, ümummilli lider Heydər Əliyevin çox mühüm beynəlxalq əhəmiyyət kəsb edən tarixi ipək yolunun bərpası istiqamətində apardığı işlərin bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov, TÜSİAB-ın idarə heyətinin sədri Bataçar Baysal, bp şirkətinin iqtisadiyyat və gömrük xidmətinin rəisi Yusif Məmmədov yeni yaradılmış gömrük postunun, müvəqqəti saxlama anbarının, laboratoriyanın əhəmiyyəti barədə danışmış, əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Qırmızı lent kəsildikdən sonra qonaqlar “İpək Yolu” gömrük postunun maddi texniki bazası ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, terminalın 10 hektarlıq ərazisində 4 anbar, o cümlədən soyuducu anbarlar, eyni vaxtda 100-ə yaxın nəqliyyat vasitəsinin saxlanması üçün dayanacaq, yeməkxana, mehmanxana və müasir standartlara cavab verən laboratoriya fəaliyyət göstərir.
Vurğulanmışdır ki, gömrük postunda gömrük rəsmiləşdirmə proseduru avtomatlaşdırılmış, zaman itkisi minimuma endirilmişdir. Malların anbarda emalı və hərəkəti prosesi üçün elektron proqram təminatı hazırlanmışdır.
Müasir standartlara cavab verən laboratoriyada ölkəyə gətirilən mallar ciddi müayinədən keçirilir, onların tərkibinin yoxlanılması üçün müasir texnologiyalardan istifadə olunur.