İQTİSADİYYAT
İQTİSADİYYATDA APARILAN ARDICIL İSLAHATLAR MÜSBƏT NƏTİCƏLƏRİNİ VERİR
MEA-nın akademiki Asəf Nadirov bununla bağlı AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirlərinin həcmi 1993-cü ilə nisbətən 85 dəfə artmış, büdcə kəsirinin ümumi daxili məhsuldakı xüsusi çəkisi 1990-cı illərin əvvəlindəki 11-14 faizdən 2002-ci ildə 0,4 faizə, illik inflyasiyanın səviyyəsi isə 1600-1800 faizdən 1-2 faizə enmişdir. 1996-2002-ci illərdə əhalinin ümumi gəlirləri 2,6 dəfə, pul gəlirlərinin həcmi isə 3,2 dəfə artmışdır. Halbuki, bu dövrdə istehlak malları və xidmətlərin qiymət artımı 20 faizi keçməmişdir.
İşləyənlərin orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan qonşu Gürcüstanı və Ermənistanı xeyli qabaqlayır. Belə ki, orta aylıq əmək haqqının məbləği bizdə Ermənistandan 30 faiz, Gürcüstandan isə 36,1 faiz çoxdur.
Bu ilin yanvar-avqust aylarında ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz, adambaşına düşən pul gəlirləri 11,9 faiz, muzdla işləyənlərin orta aylıq əmək haqqı 21,5 faiz artmışdır. Bu müddətdə dövlət büdcəsinə 3,5 trilyon manat və ya 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,3 faiz çox vəsait daxil olmuşdur.