SİYASƏT
İQTİSADİYYATDA MÜŞAHİDƏ OLUNAN MÜSBƏT MEYLLƏRİ MÖHKƏMLƏNDİRMƏLİ VƏ DAHA DA İNKİŞAF ETDİRMƏLİ, SOSİAL SAHƏDƏ QARŞIDA DURAN PROBLEMLƏRİN HƏLLİNİ SÜRƏTLƏNDİRMƏLİ
İqtisadi inkişaf naziri Fərhad Əliyev kollegiya iclasını açaraq dedi ki, ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi nəticəsində dinamik iqtisadi inkişafa, ümumdaxili məhsulun (ÜDM) ardıcıl artımına nail olunmuşdur. 2003-cü ilin yanvar-oktyabr aylarında ÜDM istehsalı 28,6 trilyon manat olmuş, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz artım əldə edilmişdir. ÜDM-in adambaşına düşən həcmi isə 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artmış və 3 milyon 527,2 min manata, yəni 718,4 ABŞ dollarına bərabər olmuşdur.
Bu ilin 10 ayında ölkəmizin iqtisadiyyatının və sosial sahələrinin inkişafına bütün mənbələr üzrə 3 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1 faiz çoxdur.
Daha sonra nazir ölkəmizin iqtisadiyyatında müşahidə olunan müsbət meylləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, sosial problemlərin həllini sürətləndirmək sahəsində qarşıda duran vəzifələrdən, söz açdı. Bildirdi ki, bu vəzifələr Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanında ətraflı əks olunmuşdur.
Fərmana əsasən ölkəmizin iqtisadiyyatının dinamik inkişafının davam etdirilməsi, qəbul edilmiş dövlət proqramlarının icrasının sürətləndirilməsi, əhalinin, xüsusilə gənclərin məşğulluğunun təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi, qeyri-neft sektoruna sərmayələrin cəlb olunması və stimullaşdırılması, aqrar sektorda islahatların ikinci mərhələsinin həyata keçirilməsi, sahibkarlığın inkişafı sahəsində qarşıya çıxan maneələrin aradan qaldırılması, özəlləşdirmənin başa çatdırılması, inhisarçılığın məhdudlaşdırılması, sahibkarların maliyyə vəsaitləri ilə təminatının yaxşılaşdırılması və digər mühüm tədbirlərin görülməsi İqtisadi İnkişaf Nazirliyinə həvalə olunmuşdur.
Fərhad Əliyev dedi ki, Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına təkan verəcək, növbəti 5 ildə 600 min iş yerinin açılmasına imkan yaradacaqdır. Bununla əlaqədar, “2004-2008-ci illər üçün Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır və indi həmin layihə müvafiq dövlət qurumları ilə müzakirə edilir. O, həmçinin bildirdi ki, bununla yanaşı, son vaxtlar ölkəmizin rəhbərliyi tərəfindən daşınmaz əmlakın dövlət qeydiyyatının təkmilləşdirilməsi, lizinqin inkişaf etdirilməsi, özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin alıcılarının möhlətli ödəmə üzrə vaxtı ötmüş borclarının, habelə sosial ödənişlər üzrə yaranmış borcların tənzimlənməsi, dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul olunmuşdur.
Bu qərarlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə nazirliyin qurumlarının konkret vəzifələri müəyyənləşdirilmiş və onların icrasına başlanılmışdır.
Kollegiya iclasında qeyd edildi ki, iqtisadi inkişaf nazirinin əmrlərinə uyğun olaraq, dövlət ərzaq ehtiyatlarının həcmi, çeşidi, formalaşması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi, habelə, yeyinti məhsullarının ticarət qaydalarının layihəsi hazırlanmış, müvafiq dövlət qurumları ilə razılaşdırılmışdır.
İndi nazirliyin səlahiyyətləri daxilində yeyinti məhsullarının istehsalı, ticarəti, saxlanılması, idxalı, ixracı və daşınması zamanı onun keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarının həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanır.
Nazir, həmçinin bildirdi ki, “Taxıl haqqında Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli Fərmanının icrası üçün “Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti qaydaları”nın, eləcə də “Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi qaydaları”nın layihələri hazırlanmış və dövlət qeydiyyatına alınması üçün təqdim edilmişdir. Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyasını həyata keçirən nazirliyin Antiinhisar Siyasəti Departamenti və İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən kompleks tədbirlər planı hazırlanmışdır və həyata keçirilir.
Kollegiya iclasında qeyd olundu ki, ölkəmizin rəhbərliyi tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsi özəlləşdirilən müəssisə və obyektlərə sərmayədar marağının artırılması, əlverişli sahibkarlıq mühitinin formalaşması, habelə özəl müəssisələrdə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə imkan yaradır.
İclasda beynəlxalq maliyyə strukturları, iqtisadi təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmasının, bu əlaqələri inkişaf etdirməyin əhəmiyyəti də vurğulandı.
Kollegiya iclasında müzakirə edilən məsələlərlə bağlı nazirliyin müvafiq qurumlarının rəhbərlərinin hesabatı dinlənildi. Çıxışlarda qeyd edildi ki, ölkəmizin rəhbərliyi tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülmüş, müvafiq normativ-hüquqi sənədlər hazırlanmış və dövlət qeydiyyatına alınmışdır.
İqtisadi İnkişaf Nazirliyi nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılmış, onun formalaşdırılması və fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ilkin işlər başa çatdırılmışdır.
İclasda Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri, həmçinin bir sıra şəhər və rayon şöbələrinin rəisləri çıxış edərək, Azərbaycan Prezidentinin fərmanlarından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verdilər, təkliflərini bildirdilər.
Müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu.
İqtisadi inkişaf naziri Fərhad Əliyev kollegiya iclasının işinə yekun vurdu.