İQTİSADİYYAT
İQTİSADİYYATIN BÜTÜN SAHƏLƏRİNDƏ YÜKSƏK İNKİŞAFA NAİL OLUNMUŞDUR
İclasda 2004-cü il üçün Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanmasının gedişi, sahibkarlıq subyektləri tərəfindən nəzarət kitabçalarından istifadə olunması vəziyyəti, nazirliyin yerli qurumlarının sahibkarlığın inkişafı ilə bağlı gördüyü işlər, bir sıra cari məsələlər müzakirə edilmişdir.
İclası nazir Fərhad Əliyev açaraq, Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatının kompleks inkişafı istiqamətində qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulamışdır. O, qeyd etmişdir ki, iqtisadi inkişaf proqramlarının icrası, sahibkarlığın inkişafı istiqamətində ilin ötən dövründə xeyli iş görülmüş, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrasına başlanmışdır. Hazırda iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur.
Qeyd edilmişdir ki, bu ilin yanvar-iyun ayları ərzində cari qiymətlərlə 15,4 trilyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu, keçən ilin eyni dövrünə nisbətən 10,1 faiz artım deməkdir.
Sonra müzakirə olunan məsələlər üzrə müvafiq qurumların rəhbərlərinin hesabatları dinlənilmişdir. Çıxışlarda qeyd edilmişdir ki, həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqsədi iqtisadi artımın yüksək sürətinin saxlanmasından, yoxsulluğun azaldılmasından, əhalinin həyat səviyyəsinin ardıcıl olaraq yüksəldilməsindən ibarətdir. Ölkədə yaradılmış sosial-iqtisadi baza, həyata keçirilən iqtisadi islahatlar, qazanılmış uğurlar 2004-cü ildə də iqtisadi artıma nail olunacağını proqnozlaşdırmağa tam əsas verir. Gələn il ümumi daxili məhsulun 9,0 faiz artacağı proqnozlaşdırılır. Ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 75 faizə çatacaqdır. ÜDM-də sənayenin xüsusi çəkisi 31,4 faiz, kənd təsərrüfatının 14,0 faiz, xidmət sahələrinin isə 38,1 faiz olacaq, qeyri-neft bölməsinin xüsusi çəkisi, 74,7 faiz, adambaşına düşən ÜDM-nin həcmi isə 4407,2 min manat təşkil edəcəkdir.
2004-cü ildə daxili sərmayələrin ümumi həcmi 3200 milyard manat təşkil etməklə 6,7 faizlik real artıma nail olunacaqdır. Ölkə iqtisadiyyatına 12437,5 milyard manat xarici sərmayə yatırılacaqdır. İstehlak qiymətlərinin orta illik indeksinin (inflyasiyanın) 2,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Çıxışlarda, həmçinin qeyd edilmişdir ki, ölkəmizin başçısının “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə sahibkarlığın inkişafında süni maneələrin aradan qaldırıması, azad rəqabət mühitinin formalaşması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması sahəsində işlərin yerinə yetirilməsi davam etdirilir. Sahibkarlığın inkişafına süni maneələrin, qanunsuz yoxlamaların aradan qaldırılmasında xüsusi önəm kəsb edən amillərdən biri də nəzarət kitabçalarının tətbiq olunmasıdır. İndiyədək nazirliyin müvafiq qurumları tərəfindən sahibkarlara 9884 nəzarət kitabçası paylanmışdır. Bu iş indi də davam etdirilir. Kitabçalardakı qeydlərin təhlilinin aparılması, qanunsuz müdaxilə hallarının aşkar edilməsi və operativ tədbirlərin görülməsi istiqamətində işlər görülür.
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin ötən ilin aprel və may aylarında yerli və xarici sahibkarlarla keçirilən görüşlərindən sonra ölkədə sahibkarlığın inkişafında yeni mərhələ başlanmışdır. Bu görüşlərin nəticəsi olaraq, dövlətimizin başçısı tərəfindən imzalanmış Fərman və Sərəncamların icrası İqtisadi İnkişaf Nazirliyinin, eləcə də onun şəhər və rayon şöbələrinin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Hazırda Azərbaycanda 60 min hüquqi və 140 min fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı məlumat bankı yaradılmışdır.
Biznes mərkəzlərinin yaradılması sahəsində də xeyli iş görülmüşdür. Nazirliyin müvafiq qurumları tərəfindən Mingəçevirdə, Şəkidə və Qubada yerli iş adamlarının iştirakı ilə görüşlər təşkil edilmiş, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı”ndan, dövlətimizin başçısının sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi mühüm qərarlardan irəli gələn vəzifələr geniş müzakirə edilmişdir.
Sahibkarlığın inkişafında əsas amillərdən biri də kiçik və orta biznesin kreditləşdirilməsidir. Sahibkarlara biznes layihələrinin hazırlanmasında köməklik göstərilməsi məqsədi ilə Azərbaycanın bütün regionlarını əhatə etməklə Bakı, Gəncə, Əli Bayramlı, Şəki şəhərlərində, Quba, Göyçay, Masallı, İmişli və Bərdə rayonlarında keçirilən seminarlarda 1000-dən çox sahibkarın iştirakı təmin olunmuşdur.
Ordudan tərxis olunmuş gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmusı ilə bağlı Quba, Xanlar, Göyçay və Masallı rayonlarında treninqlər keçirilmiş, Gəncədə, Qubada və Cəlilabadda “Qadın və ailə sahibkarlığına kömək mərkəzi” yaradılmışdır.
Həyata keçirilmiş tədbirlər nəticəsində 1000-dən çox hüquqi şəxs statuslu sahibkarlıq subyekti fəaliyyətini bərpa etmiş, sahibkarlıq fəaliyyətinin genişləndiriməsi və yeni müəssisələrin tikilməsi hesabına 10 mindən çox iş yeri açılmışdır. 2002-2003-cü illərdə fiziki şəxslər tərəfindən 2 minə yaxın istehsal və xidmət yönümlü obyekt istifadəyə verilmişdir. Sahibkarların istehsal etdiyi məhsulların satış həcminin artırılması məqsədi ilə Gəncə və Qubada satış-yarmarkalar təşkil olunmuşdur. Bütün bu tədbirlər ölkə iqtisadiyyatının əsasını təşkil edən kiçik və orta sahibkarlığın inkişafına müsbət təsirini göstərməkdədir.
Kollegiya iclasında müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.
Nazir Fərhad Əliyev kollegiyanın işinə yekun vuraraq, qarşıda duran vəzifələrin yerinə yetirilməsinin sürətləndirilməsi üçün nazirliyin qurumlarının, şəhər və rayon şöbələrinin işinin daha da yaxşılaşdırılması, qarşıya çıxan problemlərin operativ həlli ilə bağlı konkret tapşırıqlar vermişdir.