İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ TÜRKİYƏLİ İŞ ADAMLARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr üzrə Türk-Azərbaycan Birliyi Şurasının üzvləri və onları müşayiət edən nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən müəssisələr və makroiqtisadi göstəricilər haqqında məlumatların yer aldığı sərgi ilə tanışlıqdan sonra görüş İqtisadi İnkişaf Nazirliyində davam etdirilmişdir. Muxtar respublikanın iqtisadi inkişaf naziri Famil Seyidov son illər sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar barədə qonaqlara məlumat vermişdir.
Nazir bildirmişdir ki, son illər muxtar respublikada Türkiyə, Almaniya, Avstriya, İtaliya, ABŞ və s. ölkələrin istehsalı olan müasir texnologiya ilə təchiz edilmiş istehsal sahələri yaradılmışdır. Son 10 ildə istehsal sahələri ilə yanaşı 2.500-ə yaxın sosial obyektlər də istifadəyə verilmişdir.
Hazırda Naxçıvan Muxtar Respublikasında 6 xarici, 6 birgə müəssisə və 10-dan artıq türk iş adamı sənaye, tikinti, ticarət, iaşə, elm, təhsil və digər sahələrdə fəaliyyət göstərir.
Türkiyənin Xarici İqtisadi Əlaqələr üzrə Türk-Azərbaycan İşbirliyi Şurasının sədri Çengiz Gül, İğdır valisi Saim Saffət Karahisarlı, Qars bələdiyyəsinin sədri Naif Alıbəyoğlu çıxış edərək dərin tarixi kökləri olan Türkiyə-Azərbaycan dostluq və qardaşlığının sarsılmaz və əbədi olduğunu vurğulamışlar. Sonra Türk-Azərbaycan İşbirliyi Şurasının üzvləri Bataçar Baysal, Ömər Faruk Başaran, Yener Can, “Betinoks” ticarət şirkətinin əlaqələndiricisi Fətni Süer və Ardahan gənc iş adamları birliyinin sədri Gökmen Çapan ayrı-ayrı sahələr üzrə fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.
Görüşdə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev, Qida “Ləzzət” MMC idarə heyətinin sədri Teymur Rzayev, “Gəmiqaya” LTD şirkətlər qrupunun sədri Doğan Altun ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən, göstərilən dövlət qayğısından danışmış, türk iş adamları ilə qarşılıqlı əlaqələrin faydalılığını faktlarla qeyd etmişlər.
Sonra müxtəlif sahələr üzrə hazırlanmış layihələr tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Səyyad Salahlı, Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Bilir, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov iştirak etmişlər.