İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları”na müvafiq olaraq İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti Səttarxan adına keçmiş Maşınqayırma zavodunun tabeliyində olmuş Stadionun satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası investisiya qoyuluşuna dair təkliflərin verilməsi idi.
2002-ci il yanvarın 8-də investisiya müsabiqəsinə yekun vurulmuş, müsabiqə komissiyasının açıq səsvermə yolu ilə qəbul etdiyi qərara əsasən “İnter-servis” firması investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə uyğun olaraq, “İnter-servis” firması alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 iş günü müddətində 300 milyon manat məbləğində pul vəsaitini dövlət büdcəsinə köçürməli, 12.000 ədəd dövlət özəlləşdirmə çeki təqdim etməli, təqdim olunmuş investisiya proqramında qeyd olunan işlərin həyata keçirilməsi üçün 285,6 milyon manat məbləğində pul vəsaitini Stadionun hesablaşma hesabına köçürməlidir. “İnter-servis” firması alqı-satqı müqaviləsi ilə müəyyən ediləcək digər şərtləri və təqdim etdiyi investisiya proqramında nəzərdə tutulmuş 5,712 milyard manat məbləğində investisiyanın üç il ərzində qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir.
İnvestisiyalar Stadionun müasir beynəlxalq standartlara uyğun idman-sağlamlıq kompleksinə çevrilməsi məqsədi ilə süni örtüklü otüstü xokkey meydançasının tikintisinə, digər şəhər xə ölkələrdən yarışlara gələcək idmançılar üçün mehmanxananın, tamaşaçılar üçün tribunanın inşasına, geyinib-soyunma və istirahət otaqlarının, tennis kortunun, trenajor zalının, üzgüçülük hovuzunun tikintisinə, elektron tablonun quraşdırılmasına sərf olunacaqdır.
“İnter-servis” firması investisiya qoyuluşlarının nəticəsi olaraq kompleksdə 50-dən artıq yeni iş yerinin açılması, investisiya qoyuluşu müddətində 30-40 ixtisaslı fəhlə və mühəndisin tikinti-quraşdırma və təmir-bərpa işlərinə cəlb edilməsi, əlillərin idmanla məşğul olması üçün onlara zəruri şəraitin yaradılması, kompleksin xidmətlərindən istifadə edənlər üçün tibb xidməti məntəqəsinin təşkil edilməsi, habelə əhalinin aztəminatlı hissəsinin və şagirdlərin güzəştli qiymətlərlə kompleksin xidmətlərindən istifadə etməsi üçün şərait yaradılması, respublika və beynəlxalq səviyyəli müxtəlif idman yarışlarının təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi öhdəliyini üzərinə götürür.