SİYASƏT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİ DEPARTAMENTİNİN MƏLUMATI
İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti ötən il ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi və özəlləşdirmə prosesinə strateji investorların cəlb edilməsi məqsədi ilə 5 səhmdar cəmiyyətinin (“Bakı şampan şərabları”, “Bakı şifer və keramika”, “Goradil quşçuluq”, “Sabunçu azot-oksigen” və “Azərmaşavadanlıq” səhmdar cəmiyyətləri) səhmlərinin və 2 obyektin (Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunun və 1 nömrəli evtikmə kombinatının idman kompleksləri) investisiya müsabiqəsi vasitəsilə satılmasını və müvafiq alqı-satqı müqavilələrinin imzalanmasını təmin etmişdir. Daha 4 müəssisənin (“Daşkəsən filizsaflaşdırma”, “Azərboru” və “Azərbaycan qaz emalı” səhmdar cəmiyyətləri və Səttarxan adına maşınqayırma zavodunun stadionu) satışı üzrə isə investisiya müsabiqələri elan edilmişdir. Səttarxan adına maşınqayırma zavodunun stadionu üzrə investisiya müsabiqəsinə yekun vurulmuş, digər müəssisələrin satışı üzrə investisiya müsabiqələrinin isə 2002-ci ilin fevralında yekunlaşdırılması nəzərdə tutulur.
Ötən ildə keçirilmiş müsabiqələrin nəticəsi olaraq dövlət büdcəsinə 7,1 milyard manat həcmində vəsait daxil olmuş, müsabiqələrin qalibləri müəssisələrə 38,1 milyard manat investisiya qoymağa dair öhdəlik götürmüşlər. Ümumiyyətlə, indiyədək keçirilmiş investisiya müsabiqələrinin nəticələrinə görə, müsabiqə qalibləri ölkə iqtisadiyyatına 300 milyon ABŞ dollarından çox investisiya qoyuluşu ilə bağlı öhdəlik götürmüşlər.