İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN ŞƏHRİYAR ADINA MƏDƏNİYYƏT SARAYININ BİR HİSSƏSİNİN İCARƏYƏ VERİLMƏSİ İLƏ ƏLAQƏDAR MƏLUMATI
“Icarə haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 10 avqust tarixli 431 nömrəli Qərarına əsasən icarəsinə yol verilməyən müəssisə və obyektlərin siyahısı müəyyən edilmişdir.
Həmin siyahıya tarixi abidələr, mədəniyyət evləri və sarayları da daxil edilmişdir.
Buna baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1993-cü il 23 aprel tarixli 702 nömrəli Sərəncamı ilə R.Behbudov küçəsi 3 ünvanında yerləşən Şəhriyar adına Mədəniyyət Sarayının əvvəllər Xüsusi idarə yerləşən hissəsi Müsavat Partiyasının icarəsinə verilmişdir.
Sonra Müsavat Partiyası Şəhriyar adına Mədəniyyət Sarayı ilə icarə müqaviləsi bağlayaraq ötən müddət ərzində onun icarəsinə verilmiş qeyri-yaşayış sahəsinin istifadəsinə görə 33 milyon manat vəsait ödəmişdir.
Məlum olduğu kimi, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli Fərmanına əsasən dövlətin adından daşınmaz dövlət əmlakının icarəyəvermə səlahiyyəti müstəsna olaraq dövlət əmlakının sərəncamçısı – keçmiş Dövlət Əmlak Komitəsinə \hazırda İqtisadi İnkişaf Nazirliyi\ həvalə edilmişdir. Həmin Fərmanla daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış bütün icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi kimi Dövlət Əmlak Komitəsi \İqtisadi İnkişaf Nazirliyi\ hesab edilmişdir. Lakin Müsavat partiyası Şəhriyar adına Mədəniyyət Sarayı ilə olan müqaviləsini bu Fərmanın tələblərinə uyğunlaşdırmamışdır və 804 kvadratmetr sahədən indiyədək qüvvədə olan qanunvericiliyi pozmaqla haqqı ödənilmədən istifadə etmişdir.
Eyni zamanda qeyd edilməlidir ki, 1998-ci ildən qüvvədə olan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq dövlət mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağan edilmişdir.
Həmin Qanunun qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə Şəhriyar adına Mədəniyyət Sarayının binası ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına aid edilmişdir.
İqtisadi İnkişaf Nazirliyi məhz yuxarıda göstərilən səbəblərə görə Şəhriyar adına Mədəniyyət Sarayının 804 kvadratmetrlik hissəsinə dair icarə müqaviləsi bağlanması təklifinin mövcud qanunvericiliyin tələblərinə zidd olduğu barədə məlumatı dəfələrlə Müsavat Partiyasının nəzərinə çatdırmışdır.
İqtisadi İnkişaf Nazirliyi bildirir ki, “siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Müsavat Partiyasına qərargahla təmin olunmasında münasib yerin ayrılması məqsədi ilə yardımçı olmağa hazırdır.