ELM VƏ TƏHSİL
İQTİSAD UNİVERSİTETİNİN VETERANLAR ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Veteranlar Şurasının iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan universitetin tərbiyə işləri üzrə prorektoru Şaiq Əsgərov Veteranlar Şurasının qarşısında duran vəzifələrdən, müasir gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ümummilli liderimiz Heydər Əliyevin ideyalarının təbliğ olunması sahəsində görülən işlərdən danışmışdır.
Sonra Veteranlar Şurasınının sədr müavini Əhməd Hacıyevin hesabat məruzəsi dinlənilmişdir. O çıxışında son illər şura üzvlərinin göstərdikləri səmərəli fəaliyyətdən, 20 Yanvar, Xocalı faciəsi və azərbaycanlıların soyqırımı günü ilə əlaqədar veteranların tələbə-gənclərlə keçirdikləri görüşlərdən ətraflı bəhs etmişdir.
İclasda şuranın 11 nəfərdən ibarət yeni tərkibi seçilmişdir.