SİYASƏT
İRANIN AZƏRBAYCANDAKI SƏFİRİNİN MƏTBUAT KONFRANSI
Ə.Qəzai İranda iqtisadi, sosial və siyasi dəyişikliklərdən danışaraq demişdir ki, onun ölkəsinin rəhbərliyi region dövlətləri, o cümlədən Azərbaycanla dostluq münasibətlərinin inkişafında maraqlıdır.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərinin vaxtı barədə suala cavabında bildirmişdir ki, Tehrana nəzərdə tutulan səfər bütün hazırlıq tədbirləri başa çatdıqdan sonra həyata keçiriləcəkdir. Azərbaycan rəhbərinin İrana səfəri ilə yanaşı, İran Prezidenti Seyid Məhəmməd Xatəminin də Bakıya səfərinə hazırlıq görülür. İndi ölkələrimiz arasında bir sıra dövlətlərarası sazişlər hazırlanır. Hər iki səfərin dəqiq vaxtı hələlik müəyyən edilməmişdir.
Ə.Qəzai Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsinə toxunaraq demişdir ki, bu istiqamətdə konstruktiv danışıqlar prosesi hələ də davam etdirilir. Beş Xəzəryanı dövlətin dənizin statusuna dair siyasəti, əsasən, eynidir, bu hövzənin şimal hissəsi ilə bağlı isə tərəflər arasında heç bir fikir ayrılığı yoxdur.
Ə.Qəzai nəzərə çarpdırmışdır ki, Xəzər dənizinin cənub hissəsinin statusuna dair İran, Azərbaycan və Türkmənistan arasında danışıqlar bütün Xəzəryanı dövlətlərin liderləri arasında vahid sazişin imzalanması ilə başa çatmalıdır.
O xatırlatmışdır ki, Xəzəryanı dövlətlərin nümayəndələrinin növbəti görüşləri Azərbaycanda və Rusiyada keçiriləcəkdir. Görüşlərdə ekspert komissiyalarının bu məsələ ilə bağlı təklifləri müzakirə ediləcəkdir. Səfir demişdir: “Xəzər dənizinin statusuna dair saziş beynəlxalq hüquq çərçivəsində və regionun bütün 5 dövlətinin mənafeləri nəzərə alınmaqla hazırlanmalıdır. Xəzər sülh və əməkdaşlıq dənizi olmalıdır”.
Sonda səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusuna da toxunmuşdur. Ə.Qəzai vurğulamışdır ki, İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə və problemin dinc yolla həllinə tərəfdardır. O demişdir: “Münaqişənin həlli təkcə Bakının deyil, Tehranın da maraqlarına cavab verir”.