İQTİSADİYYAT
İRANIN İŞ ADAMLARI İLƏ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLİR
“Avropa” otelində iranlı iş adamlarının yerli sahibkarlarla görüşü keçirilmişdir. Bu tədbirdən məqsəd İranın işgüzar adamları ilə müştərək müəssisələr yaradılması, kənd təsərrüfatına daha çox investisiya cəlb olunmasıdır.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov görüşdə çıxış edərək bildirmişdir ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ölkə Prezidentinin sahibkarlarla son görüşünün nəticəsi olaraq yanvar ayından etibarən kənd rayonlarında mənfəət vergisi ümumi mənfəət vergisinin 40 faizinə qədər endirilmişdir. Qanunvericilik və maddi-texniki baza təkmilləşdirilmiş, informasiya bazasının formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Qonaqlar əlaqələri daha da genişləndirəcəklərini, həmyerlilərimizi İrana dəvət edəcəklərini və Azərbaycanda İran mallarının sərgisini keçirəcəklərini bildirmişlər.