İRANIN XARİCİ İŞLƏR NAZİRİ MOSKVADA İŞGÜZAR SƏFƏRDƏDİR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 17-də İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazinin Rusiyaya işgüzar səfəri başlanmışdır. Moskvada o, ikitərəfli əməkdaşlıq və xarici siyasət sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmişdir.
Rusiya Prezidenti Vladimir Putinlə görüşdə K.Xərrazi bildirmişdir ki, İranla Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir və bu, hər iki dövlət rəhbərlərinin siyasi iradəsi ilə bağlıdır. İran Rusiya ilə təkcə ikitərəfli əsasda deyil, həm də beynəlxalq və regional problemlərin həllində qarşılıqlı fəaliyyət göstərməyə hazırdır.
RF Prezidenti Vladimir Putin ikitərəfli münasibətlərin səviyyəsindən razı qaldığının açıqlamış, İran rəhbərliyinin Rusiya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verməsini yüksək qiymətləndirmişdir. Rusiya Prezidenti demişdir: “İran bizim çoxdankı və sabit tərəfdaşımızdır. Qeyd etmək xoşdur ki, Rusiyanın İranla münasibətləri 2001-ci ildə imzalanmış müqavilənin möhkəm bazası əsasında inkişafdadır. Hər iki tərəf bu müqavilənin əsas prinsiplərinə, ruhuna və məzmununa riayət edir”. O xüsusi vurğulamışdır ki, Rusiya-İran əlaqələrinin, o cümlədən də iqtisadi sahədə əlaqələrin nəticələri məmnunluq doğurur – iki dövlət arasında əmtəə dövriyyəsi 2002-ci ildən bəri 70 faiz artmışdır.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə, regionda vəziyyətə və beynəlxalq siyasət məsələlərinə də toxunulmuşdur.
İran naziri Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanlovla da görüşmüşdür. Görüşdə İ.İvanov bildirmişdir ki, Rusiya İranla fəal siyasi dialoqun, o cümlədən də hər iki dövlətin mənafeləri ilə bağlı beynəlxalq problemlərə dair dialoqun davam etdirilməsində maraqlıdır.
Xəbərin mətnində orfoqrafik səhv var