DÜNYA
İRAN BEYNƏLXALQ MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, əgər Türkiyəyə göndərilən İran qazının qiyməti barədə Ankara ilə aparılan danışıqlar bir nəticə verməsə, Tehran bu problemin həlli üçün beynəlxalq məhkəməyə müraciət edəcəkdir. Bunu İranın neft naziri Bijan Zəngani bildirmişdir.
Onun sözlərinə görə, Türkiyə ona göndərilən İran qazının qiymətinin aşağı salınmasını tələb edir ki, bu da əvvəllər imzalanmış sənədlərin çərçivəsindən kənara çıxır.
Qazın qiyməti ilə bağlı problemlər İranla Türkiyə arasında ilk dəfə olaraq yaranmır. İrandan Türkiyəyə qaz göndərilməsi 2002-ci ildə hətta bir müddət dayandırılmışdı, çünki Ankaranın fikrincə, onun aldığı İran qazı aşağı keyfiyyətlidir. İran tərəfi bunu rədd etmiş və danışıqlardan sonra problem aradan qaldırılmışdır. İndi isə qarşıya yenidən problem çıxmışdır.
Təbriz-Ankara boru kəməri ilə Türkiyəyə qaz göndərilməsinə 2002-ci ilin yanvarında başlanmışdır. Güman olunduğuna görə, Türkiyə 2007-ci ilədək İrandan 10 milyard kubmetr qaz alacaqdır.