SİYASƏT
İRAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ AZƏRBAYCANA SƏFƏRİNİN ƏHƏMİYYƏTLİ OLDUĞUNU VURĞULAMIŞDIR
İran nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Əli Əhani Azərbaycana səfərini başa vuraraq, avqustun 28-də Tehrana qayıtmışdır. Hava limanında o, AZƏRTAC-ın müxbirinin səfərin yekunları barədə sualına cavabında demişdir:
Azərbaycan Prezidenti cənab Heydər Əliyev ilə görüşdə biz həm ikitərəfli məsələlər ətrafında, həm regionda və beynəlxalq təşkilatlarda ölkələrimizin əməkdaşlığı, həm də Xəzər dənizinin statusu barədə işgüzar müzakirə apardıq. Biz Cənab Heydər Əliyevin İrana rəsmi səfərinin hazırlanması haqqında da söhbət etdik. Qərara alındı ki, bu səfərdən əvvəl Azərbaycandan bir nümayəndə heyəti Tehrana gəlsin.
Mən Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevlə, digər rəsmi şəxslərlə görüşlər keçirdim. Ümumiyyətlə, Bakıya bu səfərim iki qonşu ölkənin mənafeyi baxımından çox faydalı oldu.
Üzeyir Kərimov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran