DÜNYA
İRAQDAKI KOALİSİYA QÜVVƏLƏRİ KOMANDANLIĞI BABİL TARİXİ ABİDƏ KOMPLEKSİNİ BAĞLAMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İraqdakı koalisiya qüvvələri komandanlığı Qədim Babil ərazisindəki tarixi abidə kompleksini turistlər üçün bağlı elan etmişdir. Hazırda orada bərpa işləri və arxeoloji qazıntılar aparılır. Bu qərar “tarixi abidənin daha yaxşı qorunması imkanlarını öyrənmək” məqsədi ilə verilmişdir.
Dünyanın yeddi möcüzəsindən biri, əfsanəyə görə, Babil hökmdarı Semiramidanın məşhur asma bağlarının olduğu bu qədim şəhərin ərazisində indi Polşanın İraqdakı 2,5 minlik hərbi kontingentinin iqamətgahı yerləşir.
Bir qədər əvvəl yayılmış məlumata görə, padşah Navuxodonosorun rəmzi heykəlinin olduğu və Makedoniyalı İsgəndərin öldüyü yerin qonşuluğundakı məşhur İştar darvazasının yerləşdiyi ərazini Polşa əsgərləri indi vertolyot meydançasına çevirmişlər. Hətta onların arxeoloji dəyərə malik qədim əşyaları Babildən öz vətənlərinə göndərmələri haqqında məlumatlar da sızmışdır.
Qeyd olunduğu kimi, indən belə koalisiya qüvvələri Babildə atacağı hər bir addımını İraqın Qədim abidələr üzrə Milli Şurası ilə razılaşdırmalı olacaqdır.