SİYASƏT
İRAQDA GİROV GÖTÜRÜLMÜŞ YAPONİYA ƏSGƏRLƏRİNİN QOHUMLARI HÖKUMƏTİ QOŞUNLARINI BU ÖLKƏDƏN ÇIXARMAĞA ÇAĞIRMIŞLAR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İraqda girov götürülmüş yaponiyalı üç əsgərin qohumları ölkə hökumətinə göndərdikləri müraciətdə girov götürənlərin tələbini yerinə yetirməyi və Yaponiya qoşunlarını İraq ərazisindən çıxarmağı xahiş etmişlər. Onlar bunu Tokioda Yaponiya XİN-in başçısı xanım İoriko Kavaquti ilə görüşdə açıqlamışlar. Lakin nazir bu çağırışa heç bir cavab verməmişdir.
Yaponiyalı üç girov - iki kişi və bir qadın Qətərin “Əl-Cəzirə” peyk kanalı ilə göstərilmişdir. Əvvəllər məlum olmayan silahlı qrup Tokio öz qoşunlarını bazar gününədək İraqdan çıxaracağını elan etməsə, girovların diri-diri yandırılacağı ilə hədələmişdir.
Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi bildirmişdir ki, bu tələbin yerinə yetirilməsindən söhbət belə gedə bilməz. İqtidarda olan Liberal Demokrat Partiyasının baş katibi Sindzo Abe isə demişdir ki, “girov götürülənlərin qohumlarının hansı hisslər keçirdiyini başa düşür, lakin baş vermiş hadisə qoşunları çıxarmaq üçün səbəb ola bilməz”.