DÜNYA
İRAQDA İSLAMÇILAR TÜRKİYƏLİ SÜRÜCÜLƏRİ QƏTLƏ YETİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, “Milliyyət” qəzetinin yazdığına görə, İraqın şimalında islamçılar 50-yə yaxın adamı qətlə yetirmişlər. Həmin adamlar arasında Amerika hərbçilərinə yanacaq aparan türkiyəli sürücülər də var. Ötən bazar ertəsi sürücülər Qurandan surələri oxuya bilmədiklərinə görə ekstremistlər onlara divan tutmuşlar.
Qəzet yazır ki, türkiyəli sürücülərdən birini - Osman Əlişanı və daha 50 adamı “Əl-Qaidə” ilə əlaqəsi olan “Ət-Tövhid vəl-Cihad” qruplaşmasının yaraqlıları qətlə yetirmişlər. Həmin gün Əlişan Türkiyə sərhədindən 70 kilometr aralıda yerləşən Amerika hərbi bazasında gətirdiyi mazutu boşaldıb, avtomobil karvanındakı həmkarları ilə birlikdə Türkiyəyə qayıdırdı. Yolda 15 yaraqlı yük maşınlarının qabağını kəsərək, sürücüləri maşınlardan düşürmüşlər. Sonra onlara Qurandan dua oxumağı əmr etmişlər. Ekstremistlər dua oxuya bilənləri buraxmış, bilməyənləri isə yerindəcə güllələmişlər.