DÜNYA
İRAQDA NÜVƏ MATERİALLARI “YOXA ÇIXMIŞDIR”
BAEA-nın başçısı Məhəmməd əl-Baradei BMT Təhlükəsizlik Şurasına məruzəsində bildirmişdir ki, yüksək dəqiq avadanlıq İraqın nüvə proqramı ilə bağlı obyektlərindən aparılmışdır. Bu avadanlığın və materialların yoxa çıxması nüvə silahının yayılması baxımından olduqca böyük təhlükə törədir. BAEA başçısı bu barədə hər hansı məlumata malik olan ölkələri müvafiq informasiya ilə bölüşməyə çağırmışdır.
Məlum olduğu kimi, hazırda İraqda BAEA nümayəndələri yoxdur. Ona görə də agentlik informasiyanı peyk vasitəsilə çəkilən fotoşəkillərdən alır. Hələlik isə nə İraqın müvəqqəti hökuməti, nə də Birləşmiş Ştatlar bu çağırışa bir reaksiya verməmişlər.
ABŞ agentliyin müfəttişlərinə İraq ərazisində sərbəst hərəkət etməyi yasaqlamışdır. Onlar bu qənaətə gəlmişlər ki, müharibə ərəfəsində Səddam Hüseyn rejimi nüvə silahı yaratmaq proqramlarının həyata keçirilməsindən imtina etmişdir. Amerikalılar tərəfindən dəstəklənən indiki İraq rəhbərliyi ölkədə nüvə obyektlərinin vəziyyəti barədə BMT qarşısında hesabat verməmişdir. Halbuki bunu etməli idi. Bunun əvəzində İraq hökuməti BMT-dən xahiş etmişdir ki, gərəksiz nüvə materiallarının satılmasında ona kömək göstərsin.
Xatırladaq ki, ABŞ-ın baş hərbi müfəttişi Çarlz Dulferin ötən həftə yayılmış məlumatında deyilirdi ki, Səddam Hüseyn 1991-ci ildə Fars körfəzində müharibədən sonra kütləvi qırğın silahı yaratmaq cəhdlərindən əl çəkmişdir.