İQTİSADİYYAT
İRAQDA PUL İSLAHATI KEÇİRİLİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, İraqda pul islahatı keçirilir. Yeni İraq dinarında Səddam Hüseynin portretini Babilistan çarı Hammurapinin obrazı əvəz edəcəkdir. Hazırda dövriyyədə olan pullarin dəyişdirilməsi oktyabrın 15-dən başlayaraq, üç ay müddətində həyata keçiriləcəkdir. “Səddam” dinarları ilə yeni əskinasların kursu birin-birə nisbətindədir. Şimali kürd rayonlarında qüvvədə olan bir, necə deyərlər, “İsveçrə dinarı” 150 yeni dinara bərabər tutulacaqdır.
Yeni 50, 250, 1000, 5min, 10 min və 25 minliklər bu gün ölkədə mövcud olan 4 trilyonluq pul kütləsini əvəz edəcəkdir. Son on il ərzində üçüncü İraq valyutasının tərtibində “İsveçrə dinarı” əsas götürülmüşdür. Yeni pullar ölkənin banklarına daxil olmuşdur.
Hammurapinin şəkli valyuta bazarında 12 ABŞ dollarına bərabər olan 25 minlik çəhrayı əskinası bəzəyir. X-XI əsrlərin məşhur astronomu və riyaziyyatçısı Əbu Əli əl-Həsən ibn əl-Heysəmin şəkli isə 10 minliyin üzərinə vurulmuşdur. Gələcək azad İraqın dinarları xurma ağacları, əlamətdar İslam və təsərrüfat obyektləri, təbiət mənzərələri ilə bəzədilmişdir.