SİYASƏT
İRAQIN İŞĞALINI DAYANDIRMAĞIN MÜHÜM ŞƏRTLƏRİ
ABŞ-ın dövlət katibi Kolin Pauellin fikrincə, İraqda milli güc qurumları və təhlükəsizlik xidmətləri yaradılması ölkənin Qərb koalisiyasının qoşunları tərəfindən işğalını dayandırmaq üçün mühüm şərtdir. AZƏRTAC-ın müxbirinin Vaşinqtondan verdiyi xəbərə görə, dövlət katibi bu fikri Si-en-en teleşirkətinin müxbiri ilə müsahibəsində söyləmişdir. O demişdir ki, İraqın yeni ordusunun, polis və sərhəd dəstələrinin yaradılması sahəsində işlər fəal həyata keçirilir.
K.Pauell İraqda siyasi islahatlar aparılmasını, o cümlədən konstitusiyanın hazırlanmasını, seçkilər keçirilməsini və hakimiyyətin qanuni hökumətə verilməsini amerikalıların ölkədən getməsinin ikinci labüd şərti adlandırmışdır. Onun sözlərinə görə, üçüncü ən mühüm vəzifə İraqın iqtisadiyyatını bərpa etməkdir.
O, bütün bunların nə vaxt baş verəcəyini açıqlamamışdır. Lakin Amerikanın hökumət ekspertləri bu qənaətdədirlər ki, ABŞ əsgərləri İraqda azı gələn ilin axırlarınadək qalacaqlar.