DÜNYA
İRAQIN MÜVƏQQƏTİ PREZİDENTİ SEÇKİLƏRİN YANVARIN 30-DA KEÇİRİLMƏSİNƏ TƏRƏFDARDIR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, İraqın müvəqqəti prezidenti Qazi Yavər üsyançıların aramsız basqınlarına baxmayaraq, ölkədə seçkilərin yanvarın 30-da keçirilməsinə tərəfdar olduğunu bildirmişdir. O, ABŞ Prezidenti Corc Buşla danışıqlar ərəfəsində qeyd etmişdir ki, seçkilərin başqa vaxta keçirilməsi İraqın əzab-əziyyətlərini uzadacaq və cəmiyyətdə mənfi reaksiya doğuracaqdır.
C.Buş da bu yaxınlarda bəyan etmişdir ki, İraqda seçkilər nəzərdə tutulan vaxtda keçirilməlidir.
Qazi Yavər ABŞ-ın En-Bi-Si telekanalına müsahibəsində ümidvar olduğunu söyləmişdir ki, İraqın təhlükəsizlik qüvvələri Amerika qoşunlarını əvəz etməyə qadir olsalar, amerikalılar İraqı bir il ərzində tərk edəcəklər.
İraqdakı ABŞ qoşunlarının komandanı general Con Abizaid isə bildirmişdir ki, İraq qüvvələri seçkilər keçirilərkən təhlükəsizliyi təmin etməyə qadir deyil və ABŞ-ın yardımına möhtacdırlar. General İraqın qonşularını, xüsusən Suriya və İranı əcnəbi yaraqlıların İraqa axışmasının qarşısını almaq üçün daha böyük səylər göstərməyə çağırmışdır.
ABŞ Müdafiə Nazirliyi bildirmişdir ki, İraqdakı Amerika hərbi qulluqçularının sayı yanvarın ortalarınadək daha 12 min nəfər artırılacaq və 150 min nəfər olacaqdır.