DÜNYA
İRAQIN NEFT SEKTORU ÖZƏLLƏŞDİRİLƏRKƏN KİMƏ ÜSTÜNLÜK VERİLƏCƏK?
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, İraqın yeni Nazirlər Kabinetinin neft naziri İbrahim Məhəmməd Bəhr əl-Üləm Avropanın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə bildirmişdir: İraqın neft sənayesi özəlləşdirilərkən ABŞ şirkətlərinə və ola bilsin, bir sıra Avropa korporasiyalarına üstünlük verilməsi nəzərdə tutulur.
İndi nazirlik ölkənin neft sektorunu özəlləşdirmək planı hazırlayır. Özəlləşdirmə seçkilər keçirildikdən və yeni konstitusiya qəbul olunduqdan sonra aparılacaqdır. İlk növbədə, neftayırma müəssisələri özəlləşdiriləcəkdir. O ki qaldı hasilata, nazir məhsulun bölgüsü haqqında konsessiyalar və sazişlər sistemi yaradılmasına tərəfdardır.
Bəhr əl-Üləm nazir təyin edilməzdən əvvəl ABŞ-da təhsil almış və 1992-ci ildən Londonda yaşamışdır.