İRAQ NEFT SATIŞINA DAİR YENİ MÜQAVİLƏLƏR HAZIRLAYIR
AzerTAg.az
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, yaxın həftələrdə İraq bir sıra Qərb şirkətlərinə xam neft göndərilməsi haqqında onlarla müqavilələr imzalamaq niyyətindədir.
Xatırladaq ki, iyulda 12 korporasiya ilə, o cümlədən “Britiş petroleum” və “Şell” şirkətləri ilə bu cür müqavilələr bağlanmışdır.
İraq neftinin satışına dair yeni sazişlər hazırlanması faktını ölkənin neft naziri vəzifəsini icra edən Samir əl-Qadban da təsdiqləmişdir. Onun dediyinə görə, hazırda İraqda gün ərzində 700 min barrel neft çıxarılır. Hasilatı oktyabradək 1,5 milyon, dekabradək 2 milyon, gələn ilin mart-aprel aylarınadək 2,8 milyon barrelə çatdırmaq nəzərdə tutulmuşdur.
AZƏRTAC-ın xəbər verdiyi kimi, Kərkük-Ceyhan neft kəməri avqustun 16-da törədilən partlayış nəticəsində sıradan çıxarılmışdır. ABŞ-ın İraqdakı ordusunun nümayəndəsi xanım Nikol Tompson bildirmişdir ki, bu neft kəmərinin bərpasına azı bir ay vaxt lazımdır.
Yeri gəlmişkən, İraq kəşf edilmiş neft ehtiyatlarının həcminə görə Səudiyyə Ərəbistanından sonra dünyada ikinci yeri tutur.
Xəbərin mətnində orfoqrafik səhv var