SİYASƏT
İRAQ ORDUSUNUN TƏLİMİ İLƏ ABŞ ŞİRKƏTİ MƏŞĞUL OLACAQ
“Əl-Bəvaba” ərəb İnternet nəşrinin məlumatına görə, ABŞ-ın “Vinnell korporeyşn” şirkəti yeni İraq ordusunun əsasını təşkil edəcək hissələrin hazırlanması üçün 48 milyon dollar məbləğində müqavilə almışdır. Müqaviləni ona ABŞ Silahlı Qüvvələrinin Kontrakt Agentliyi vermişdir. ABŞ-ın İraqdakı mülki inzibatçısı Pol Bremer bildirmişdir ki, İraqın yeni silahlı qüvvələrinin heyəti sayca Səddam Hüseyn dövründəkindən az olacaqdır. Birinci mərhələdə İraq ordusunda 12 min hərbi qulluqçu xidmət edəcək, sonrakı iki ildə isə onların sayı 40 min nəfərə çatdırılacaqdır. İraq ordusu könüllülük əsasında formalaşdırılacaq və burada ancaq iraqlılar xidmət edəcəklər.