DÜNYA
İRAQ VƏ İRAN ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALAMIŞLAR
İraqın və İranın ticarət nazirləri – Məhəmməd Mehdi Saleh və Məhəmməd Şəriətmədari Bağdadda əməkdaşlıq protokolu imzalamışlar. Bu, 1980-1988-ci illər İran-İraq müharibəsi qurtardıqdan sonra iki ölkə arasında imzalanmış ilk sənəddir. İTAR-TASS-ın verdiyi xəbərə görə, protokolda nəqliyyat və kommunikasiyalar, neft və energetika, sənaye və kənd təsərrüfatı, turizm və əmək ehtiyatları sahəsində tərəfdaşlığı inkişaf etdirmək nəzərdə tutulur.
Protokol müştərək hökumətlərarası komissiyanın İraq paytaxtında keçirilmiş ilk iclasının yekunlarına əsasən imzalanmışdır. Nazirlər əmin olduqlarını bildirmişlər ki, “ikitərəfli münasibətlərdəki dönüşü göstərən bu addım İraq və İran xalqlarının mənafelərinə uyğundur”. Onların fikrincə, “qarşıdakı dövrdə ticarət-iqtisadi əlaqələr xeyli artacaqdır”.
Bağdadla Tehranın nəzərəçarpacaq dərəcədə yaxınlaşması prosesi ABŞ-ın İraqa və İrana təzyiqinin gücləndiyi şəraitdə baş verir.