CƏMİYYƏT


ISESCO COVID-19 pandemiyası ilə mübarizədə üzv ölkələrə yardım layihəsinə start verib

Qahirə, 4 aprel, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzv ölkələrdə yeni növ koronavirus pandemiyasına qarşı mübarizəyə töhfə vermək məqsədilə yardım layihəsinə start verib.

AZƏRTAC xəbər verir ki, təşkilat İslam ölkələrində əlin dezinfeksiyası üçün jele istehsal edən kiçik müəssisələrin yaradılması və müvafiq personalın təlimi üçün texniki və maliyyə yardımı göstərəcək.

Təşkilatın məlumatında qeyd olunub ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Bu məqsədlə yerlərdə yeni texnologiyaların tətbiqi ilə kiçik müəssisələrin yaradılması, bununla da bir sıra icmalarda əlavə iş yerlərinin açılması nəzərdə tutulur. Layihə tibbi ləvazimatların kiçik müəssisələrdə istehsalı üzrə ISESCO-nun proqramı çərçivəsində həyata keçiriləcək. İlk olaraq, təşkilat Mali Respublikasında hökumət strukturları ilə birgə fəaliyyət göstərəcək. Sonra digər üzv ölkələrdə də layihənin həyata keçirilməsinə başlanacaq.

"ISESCO üzv ölkələrdə COVID-19 virusunun yayılmasının monitorinqini aparır və təşkilat bundan sonra da pandemiyanın qarşısının alınması, onun sosial-iqtisadi vəziyyətə təsirinin azaldılması istiqamətində səylərini davam etdirəcək", -deyə təşkilatın məlumatında vurğulanır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.