RƏSMİ XRONİKA
“İŞĞAL” MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Riqanın mərkəzində yerləşən “İşğal” muzeyi ilə tanış olmuşdur.
Muzeyin direktoru Valter Nolendorf Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ehtiramla qarşıladı.
Direktor ali qonağa məlumat verərək dedi ki, muzey xaricdə yaşayan latışların təşkilatları, cəmiyyətləri və “İşğal” Muzeyi Fondu tərəfindən 1993-cü ilin yayında yaradılmışdır. Buradakı eksponatlar Latviya torpağında törədilmiş hadisələri, o cümlədən totalitar sovet rejiminin gətirdiyi müsibətləri, habelə 1941-45-ci illərdə faşistlər tərəfindən törədilən qırğınları əks etdirir. Muzeydə 30 min sənəd, məktub, fotoşəkil, müxtəlif eksponatlar toplanmışdır.
Muzeyin təhsil proqramının əməkdaşları burada məktəblilərə Latviyanın tarixi ilə bağlı dərslər, tarix müəllimləri üçün seminarlar keçirir, Latviyanın ən yeni tarixinə dair tədris-metodik materiallar hazırlayırlar. İngilis, fransız, rus və digər dillərdə illik bülletenlər hazırlanıb nəşr olunur. Muzeyə ildə 100 min tamaşaçı gəlir, bunların əksəriyyəti xarici turistlərdir.
Prezident İlham Əliyev Latviyanın XX əsrdəki mürəkkəb tarixindən bəhs edən ayrı-ayrı bölmələrinə baxdı, muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.