İŞİD Suriya ordusunun 13 əsgərini qətlə yetirib
AzerTAg.az
Qahirə, 20 iyun, AZƏRTAC
İŞİD terror təşkilatı Suriyanın şimalındakı Raqqa əyalətində ordunun 13 əsgərini qətlə yetirib.
AZƏRTAC rəsmi SUNA agentliyinə istinadla xəbər verir ki, terrorçular hərbçiləri daşıyan avtobusun keçdiyi ərazidə bomba partladıb və nəqliyyat vasitəsini pulemyotlardan atəşə tutublar. Ağır yaralanan iki əsgər yaxınlıqdakı səhra hospitalına çatdırılıb.
Agentliyin xəbərində bildirilir ki, əvvəllər İŞİD ekstremistlərinin nəzarəti altında olmuş və terrorçuların dırnaqarası “xəlifəliyinin” paytaxtı elan edilmiş Raqqada son aylar baş verən silahlı hücumlar nəticəsində yüzlərlə insan, o cümlədən hərbçi və polislər öldürülüb. 2019-cu ildə əyalətdən qovulan terrorçular bu ərazidə hərbçilərə qarşı silahlı hücumlarını davam etdirirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var