DÜNYA
İŞİD-in başçısı tərəfdarlarını Mosulu əldən verməməyə çağırıb
Bakı, 3 noyabr, AZƏRTAC
İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yaraqlıları geri çəkilməməyə və hökumət qüvvələrinin Mosula hücumlarının qarşısını almağa çağırıb.
AZƏRTAC xəbər verir ki, France-Presse agentliyinin yaydığı məlumata görə, bu, əl-Bağdadinin Mosul əməliyyatlarının başladığı 17 oktyabrdan bəri ilk bəyanatıdır. O, qələbəyə inandığını bildirib, həmçinin “ateistlərin müttəfiqi” olan Türkiyəyə hücum etməyə çağırıb.
İŞİD başçısının yeri hələ də dəqiq bilinmir. Onun ölümü barədə mətbuatda dəfələrlə məlumat yayılıb.
ABŞ kəşfiyyatının məlumatına əsasən, hazırda Mosulda 3,5-5 min arasında İŞİD yaraqlısı var. Onlar hökumət qüvvələrinə güclü müqavimət göstərməkdə davam edirlər.
Xatırladaq ki, Mosul şəhərinin İŞİD-dən azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də başlayıb. Hərbi əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyasının aviasiyası iştirak edir. İraqın ikinci böyük şəhəri olan Mosul iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarəti altındadır və qruplaşmanın bu ölkədəki əsas dayaq məntəqəsi sayılır.