MƏDƏNİYYƏT
İSİ MƏLİKZADƏNİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Muzeyin direktoru, Milli Məclisin deputatı, professor Rəfael Hüseynov tədbiri açaraq İsi Məlikzadənin həyat və yaradıcılığı barədə danışaraq bildirmişdir ki, o, az yaşasa da özündən sonra heç zaman əhəmiyyətini itirməyən, zəngin irs qoyub getmişdir. 1970-1990-cı illər yazıçı üçün çox məhsuldar olmuşdur. Bu illərdə İ.Məlikzadə təkcə nasir kimi deyil, həm ssenarist, dramaturq, publisist kimi fəaliyyət göstərmişdir. Yazıçının ssenariləri əsasında tamaşaçı rəğbəti qazanmış “Gümüşgöl əfsanəsi”, “Qatarda”, “Kişi sözü”, “Hacı Qara”, “Papaq” və sair filmlər çəkilmişdir. Hansı janrda yazmasından asılı olmayaraq, təbəssüm, yumor onun əsərlərindən ana xətt kimi keçir.
İsi Məlikzadə yaradıcılığının tədqiqatçısı Sevinc Abbasova məruzəsində onun əsərlərini yüksək qiymətləndirmiş, 1960-cı illər Azərbaycan ədəbiyyatında psixoloji nəsrin yaranması və sürətli inkişafında yubilyarın xüsusi xidmətlərindən danışmışdır.
Yazıçı Əlibala Hacızadə, şair Fikrət Sadıq və başqaları İsi Məlikzadə yaradıcılığının müxtəlif istiqamətlərindən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.