İSLAMABADDA İƏT ÖLKƏLƏRİ MALİYYƏ NAZİRLƏRİNİN BİRİNCİ İCLASI KEÇİRİLMİŞDİR
AzerTAg.az
Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 29-30-da İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin maliyyə nazirlərinin birinci iclası keçirilmişdir. Pakistandakı səfirimiz Eynulla Mədətlinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə maliyyə, vergilər nazirliklərinin və Milli Bankın idarə rəisləri Ziyəddin Allahverdiyev, Bəxtiyar Alışov və Urfan Nadirov daxil idilər.
Pakistanın maliyyə və iqtisadi məsələlər naziri Şövkət Əzizin sədrlik etdiyi iclasda İƏT-in yeni seçilmiş baş katibi Askat Orazbayın məruzəsi dinlənilmişdir.
Azərbaycan səfiri çıxışında son illər ölkəmizdə maliyyə, vergi və bank sahəsində aparılan islahatlardan və onların uğurlu nəticələrindən danışmışdır.
İclasın yekunu olaraq İslamabad Birgə bəyannaməsi qəbul edilmişdir. Nazirlərin növbəti iclasının iki ildən sonra keçirilməsi qərara alınmışdır. Onun keçiriləcəyi yer və tarixi haqqında İƏT Katibliyi vasitəsilə xəbər veriləcəkdir.
Pakistanın Prezidenti Pərviz Müşərrəf iclasın iştirakçılarını qəbul etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var