DÜNYA
İSLAM BİRLİYİ TERRORU RƏDD EDİR VƏ YAXIN ŞƏRQDƏ SÜLH PROSESİNİ DƏSTƏKLƏYİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, İslam birliyi sivilizasiyalar arasında dialoqun hərtərəfli inkişafına tərəfdardır və terrorun bütün təzahürlərini rədd edir. İslam Konfransı Təşkilatının dekabrın 8-də başa çatmış növbədənkənar zirvə toplantısının yekunlarına əsasən qəbul olunmuş “Müqəddəs Məkkə Bəyannaməsi”ndə deyilir ki, müsəlman ölkələrinə və xalqlarına müasir dövrün təhlükələrinə uğurla sinə gərmək və İslamın həqiqi dəyərlərini müdafiə etmək üçün birləşmək, İslam dininin sülhsevər və dözümlü xarakterinə kölgə salan ekstremist qüvvələrlə mübarizə aparmaq lazımdır.
Sənədin siyasi bölməsində Qüdsün taleyi ilə bağlı narahatlıq ifadə olunur, Fələstin dövlətinin paytaxtına çevrilməli olan şəhərin İslam və ərəb simasını qoruyub saxlamaq tələbi irəli sürülür. İştirakçılar Yaxın Şərq münaqişəsinin “yol xəritəsi” və ərəb aləmi təşəbbüsləri əsasında nizama salınmasını dəstəkləmişlər. Səudiyyə Ərəbistanının Kralı Abdullah ibn Əbdüləziz tərəfindən 2002-ci ildə irəli sürülmüş bu təşəbbüslərdə işğal olunmuş ərazilərdən tamamilə çıxması müqabilində İsrailə hərtərəfli sülh təklif edilir.
İslam zirvə toplantısı İraqda təşkil olunacaq milli razılıq konfransını bəyənir və orada ümumi seçkilərin keçirilməsini dəstəkləyir.