DÜNYA
İSLAM İNKİŞAF BANKI FƏLƏSTİNƏ QRANT AYIRMIŞDIR
Fələstin milli muxtariyyətinə (FMM) İsrailin son hərbi əməliyyatı zamanı dağıdılmış infrastrukturun bərpası üçün 25 milyon dollar məbləğində növbədənkənar qrant ayrılmışdır. FMM Nazirlər Kabinetinin hesablamalarına görə, İsrail ordusunun son iki həftə ərzində vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün azı 70 milyon dollar lazımdır. AZƏRTAC xəbər verir ki, FMM-ə qrant ayrıldığını İslam İnkişaf Bankının nümayəndəsi İsrailin “Haarets” qəzetinin müxbirinə müsahibəsində bildirmişdir. Maliyyə yardımı həm də humanitar ehtiyaclar üçün ayrılmışdır.
Sinxua Agentliyinin məlumatına görə, fələstinlilərin “Qəssam” raketləri ilə İsrail ərazisini atəşə tutmasına cavab olaraq İsrailin Qəzzə bölgəsində apardığı əməliyyat zamanı azı 115 fələstinli ölmüş, 450-dən çox adam yaralanmışdır. İsrailin itkiləri barədə isə məlumat açıqlanmır.
İsrailin Fələstin torpaqlarında bu əməliyyatını bütün dünya və hətta yəhudi dövlətinin ən yaxın müttəfiqi ABŞ da pisləmişdir. ABŞ-ın dövlət katibi Kolin Pauell İsraili Qəzzə bölgəsində hərbi əməliyyatı dayandırmağa çağırmışdı. BMT-nin Baş katibi Kofi Annan bu əməliyyatın davam etdirilməsindən təəssüfləndiyini bildirmişdi. O demişdir: “Qəzzə bölgəsində dinc insanların, uşaqların və qocaların məhv edilməsi təəssüf hissi doğurur”.