ELM VƏ TƏHSİL
İSMAYILLIDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN MADDİ-TEXNİKİ BAZASI YAXŞILAŞDIRILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, pilot rayon kimi İsmayıllının təhsil sektorunda qazanılan uğurlar, əsasən, dövlətin, həmçinin Dünya Bankının maliyyə dəstəyinin, Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən Məktəb Qrant proqramı çərçivəsində görülən işlərin nəticəsidir.
Təkcə bu il Dünya Bankının dəstəyi ilə Vəng kəndində 160 yerlik məktəb binası istifadəyə verilmiş, Xankənd kəndində 160 yerlik, Zeyvə kəndində isə 5 əlavə sinif otağından ibarət yeni binalar tikilmişdir. İvanovka kəndində dövlət vəsaiti hesabına tikilən 780 yerlik yeni məktəbdə tamamlama işləri aparılır. Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən Məktəb Qrant proqramı çərçivəsində 26 məktəbin hər birində 1 sinif otağı təmir edilmiş və zəruri avadanlıqla təchiz olunmuşdur.
9 ümumtəhsil məktəbinə 110 kompyuter dəsti verilmişdir.
Bütün bunlar təlimin keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Bu il ali məktəblərə qəbul olunmuş 196 məzunun 9-u 600-dən, 49 nəfəri isə 500-dən çox bal toplamışdır.