İQTİSADİYYAT
İSMAYILLI DƏRMAN BİTKİLƏRİ İLƏ ZƏNGİN OLAN BÖLGƏDİR
İsveçin təbiəti mühafizə fondu Qafqaz ofisinin dəstəyi ilə İsmayıllı rayonunun Topçu kəndində “Şəfa-T” məhdud məsuliyyətli cəmiyyət üçün ofis və istehsal sexləri tikilmişdir. AZƏRTAC–ın müxbiri xəbər verir ki, 337 milyon manat dəyərində olan yeni obyektdə dərman bitkilərinin saxlanması, qurudulması və qablaşdırılması üçün müasir avadanlıq quraşdırılmışdır. Burada 35 nəfər daimi işlə təmin olunmuşdur.
Müəssisənin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Əhliman Tağıyev, “Şəfa-T” MMC-nin sədri Azad Zərbəliyev, layihənin əlaqələndiricisi, biologiya elmləri doktoru Manaf Süleymanov çıxış edərək, yeni obyektin rayonun sosial–iqtisadi həyatında diqqətəlayiq rol oynayacağını söyləmiş, ətraf mühitin mühafizəsi, təbiətin bəxş etdiyi əvəzsiz sərvətdən səmərəli istifadə sahəsində uğurlar arzulamışlar.