İQTİSADİYYAT
İSNA agentliyi: İranla Azərbaycan birgə sənaye şəhərciyi yaradacaq
Tehran, 3 fevral, AZƏRTAC
İranın İSNA xəbər agentliyinin saytında “Azərbaycan ilə İran birgə sənaye şəhərciyi yaradacaq” başlıqlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın iqtisadi potensialından və İran ilə əməkdaşlıq əlaqələrindən bəhs olunub.
Bildirilir ki, hər iki qonşu və dost ölkə birgə iqtisadi layihələr həyata keçirərək qeyri-neft sektorunu inkişaf etdirməyə çalışırlar. Birinci layihə çərçivəsində Azərbaycanın Neftçala şəhərində avtomobil zavodu inşa edilib. Hazırda zavodun istehsal etdiyi avtomobillər İran və Azərbaycan bazarında satılmaqla yanaşı, Yaxın Şərqin və Orta Asiyanın bəzi ölkələrinə ixrac da edilir.
Növbəti birgə layihə isə İranın Ərdəbil vilayətində sənaye şəhərciyinin yaradılması olacaq. Tərəflər artıq müvafiq razılıq əldə ediblər. Bu sənaye şəhərciyi sərhəd rayonunda yerləşdiyi üçün həm İrana, həm də Azərbaycana fayda verəcək.
Yaradılacaq yeni sənaye şəhərciyinə hər iki ölkənin iş adamları sərfəli şərtlərlə sərmayə yatıra biləcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran