İQTİSADİYYAT
“İSO 22000-Qida təhlükəsizliyinin idarəetmə sistemi”nin əsaslarına dair təlim təşkil edilib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə “IBE Consulting” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində “İSO 22000-Qida təhlükəsizliyinin idarəetmə sistemi”nin əsasları üzrə təlim keçirilib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva son dövrlərdə qida təhlükəsizliyi sahəsinə artan dövlət diqqətindən bəhs edib və bu sahədə inkişafın əldə olunması üçün belə təlimlərin vacibliyini vurğulayıb.
AQSİA-nın aqrar komissiyanın sədri Rəna Qəfərova isə HASSP Planları: Qida Təhlükəsizliyi Sistemini daxili auditlərlə idarə etmə yolları barədə danışıb.
Təlimin məruzəçisi, Avropa Keyfiyyət Assosiasiyasının baş məsləhətçisi, fəlsəfə elmləri doktoru (PhD), “IBE Consulting” şirkətinin direktoru Səadət Bünyatova iştirakçılara qida təhlükəsizliyi üzrə beynəlxalq standartların icmalı, İSO 22000 standartları seriyası və anlayışlar haqqında məlumat verib. Təlimdə, həmçinin İSO 22000-2018 standartlarının tələbləri barədə danışılıb.