İQTİSADİYYAT
İSO BAŞ KATİBİ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ ARDNŞ-NİN FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev martın 2-də Bakıda səfərdə olan Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) baş katibi Alan Braydenlə görüşmüşdür.
R.Abdullayev qonağa Azərbaycanda neft sənayesinin dinamik inkişafı barədə məlumat vermiş, respublika Prezidenti İlham Əliyev tərəfindən ARDNŞ qarşısında dünyanın qabaqcıl texnologiya və idarəetmə metodlarına yiyələnmək vəzifəsi qoyulduğunu bildirmişdir.
Şirkətin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə Mühasibat Hesabatlarının Beynəlxalq Standartlarına keçid, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi kimi mühüm əhəmiyyət kəsb edən istiqamətlər üzrə ARDNŞ-də ciddi addımlar atıldığını söyləyən R. Abdullayev, şirkətin strukturuna daxil olan “Xəzərdənizneftqaztikinti” Tresti, Heydər Əliyev adına Bakı neft emalı zavodu, “Dənizneftqazlayihə” Dövlət Elmi Tədqiqat Layihə İnstitutu, habelə Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin İSO 9001, 14001, 18001 sertifikatlarına layiq görüldüklərini nəzərə çatdırmışdır. Şirkətin işinin bütövlükdə beynəlxalq standartlar səviyyəsində qurulması üçün baza rolunu oynayacaq Təlim-Tədris və Sertifikatlaşdırma Departamentinin yaradıldığı da qeyd edilmişdir.
Bu departamentin rəisi Asif Bəkirov qurumun fəaliyyət planları haqqında ətraflı danışmışdır.
Alan Brayden Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafından məmnunluğunu bildirərək qeyd etmişdir ki, ölkədə istehsal olunan xam neft və neft məhsullarının dünya bazarlarına maneəsiz çıxarılması üçün beynəlxalq standartların tətbiqi vacib məsələlərdəndir. O, xüsusilə neft-qaz sənayesi, neft emalı və qaz kəmərlərinin çəkilişi ilə bağlı İSO-nun mövcud komitələrinin təsis edildiyini və ARDNŞ-nin bu qurumlarda təmsil olunmasının, habelə texniki standartlaşma sahəsində fəaliyyət göstərməsinin fayda verəcəyini şirkət rəhbərliyinin diqqətinə çatdırmışdır.
Şirkətdə keyfiyyət, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarının tətbiqi təcrübəsi ilə tanış olan A.Brayden, ARDNŞ-in bu sahələrdə böyük uğurlar qazandığını bildirmişdir.